SİMDNX-nin 6 saylı Mil-Muğan regional bölməsi və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib


ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 6 saylı Mil-Muğan regional bölməsi və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Suların mühafizəsində fiziki şəxslərin rolu və məsuliyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə hər iki qurumun rəhbər heyəti, əməkdaşları və ASAN könüllüləri iştirak ediblər. Görüş zamanı regionda mövcud ekoloji problemlər, su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, eləcə də yaranan problemlərin qarşısının alınmasında vətəndaşların rolu barədə müzakirələr aparılıb.

SİMDNX-nin 6 saylı Mil-Muğan regional bölməsinin əməkdaşları çıxış edərək əhalinin su ehtiyatlarının qorunmasında fəal iştirakının vacibliyini, vətəndaşların bu istiqamətdə məsuliyyətli davranmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin Xidmətin Mil-Muğan regional bölməsi tərəfindən həyata keçirilən tədbirlər barədə də iştirakçılara məlumat verilib.

Tədbirdə ASAN könüllüləri “YAŞIL ASAN” ekoloji layihəsi haqqında danışıb, ətraf mühitin qorunmasında ASAN könüllülərinin rolunu diqqətə çatdırıblar.

Daha sonra 6 saylı Mil-Muğan regional bölməsinin əməkdaşları və ASAN könüllülərinin iştirakı ilə Kür və Araz çaylarının qovuşduğu ərazidə təmizlik aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə məişət tullantıları toplanaraq ətraf mühitin təmizliyinin və su hövzələrinin qorunmasının vacibliyinə diqqət çəkilib.